Tərcümə: Hüquqi yazı: Problemlərimizin səbəbləri / Hüquqi yazı nədir? / Hüquqi yazı sənəti (Olqa Xazova)

Tərcümə: Hüquqi yazı: Problemlərimizin səbəbləri / Hüquqi yazı nədir? / Hüquqi yazı sənəti (Olqa Xazova)

Aşağıdakı hissə “Hüquqi yazı sənəti” (müəllif Olqa Xazova; Искусство юридического письма) adlı kitabdandandır. Müəllif 1998-ci ildə White & Case hüquq şirkətinin Moskva ofisinə rəhbərlik etmək üçün Rusiyaya gəlir. O, Rusiya hüquq təhsilində  hüquqi yazı və b. bu kimi sahələrin tədris olunmamasını görüb bu mövzuda kitab yazmağı qərara alır. Öz kitabında da qeyd etdiyi kimi, müəllif hesab edir ki, SSRİ dövrü hüquq təhsilində hüquqi yazının diqqətdən kənarda qalması gələcək hüquqşünasların onlar üçün zəruri olan bu bacarıqlarının olmamasına səbəb olmuş və ümumilikdə hüquq mühitinə mənfi təsir göstərmişdir. Azərbaycanda da hüquq təhsilinin Sovet hüquq təhsili ənənələri əsasında formalaşmasını nəzərə alsaq, mövzu bizim üçün də aktuallaşır. Kitabı oxuyarkən aşağıdakı kitabın ilk hissəsini Azərbaycan dilinə tərcümə etməyə qərar verdim.


Hüquqi yazı nədir?

1. Hüquqi yazı: problemlərimizin səbəbləri

Hazırda Rusiyada tədricən formalaşan hüquqi yazının ənənələri əvvəllər, əsasən, mövcud olmamışdır. Bu müasir Rusiya hüquqşünaslarının hüquqi yazı bacarıqlarını inkişaf etdirməklə bağlı üzləşdikləri çətinlikləri böyük ölçüdə izah edir. XX əsrin əvvəllərində az-çox inkişaf etməyə başlasa da, 1917-ci ilin oktyabrdından sonra hüquqi yazı ənənələri, demək olar ki, yoxa çıxdı.

Sovet İttifaqında ənənəvi hüquq təhsilinə hüquqşünasın yazı bacarıqlarını inkişaf etdirməklə bağlı xüsusi bir kurs daxil edilməmişdi. Hüquq məktəbinin tələbələrinə hüquqi yazı mədəniyyəti tədris edilmirdi. Gələcək hüquqşünaslar sadə, məntiqi, əsaslandırılmış və düzgün üslubla yazmağı öyrənmirdilər. Hər halda düşünülürdü ki, zəruri dil bilikləri orta məktəbdə Rusiya dili və ədəbiyyatı dərsləri vasitəsilə əldə edilir. Təəssüf ki, bu dərslər heç də həmişə kifayət deyildi. Bəlkə də, bəzilərinin bəxti gətirirdi – kimsənin yaxşı müəllimi olurdu, ya da kimsə yazı bacarıqlarını valideynlərindən öyrənirdi. Kimsə bunu diplom işini yazarkən elmi rəhbərindən öyrənirdi; kimsə də bunu özü öyrənirdi. Lakin əksər məzunlar heç də bu sahə üzrə sistematik, ümumiləşdirilmiş bilik əldə etmədən məzun olurdu.

Hal-hazırda əksər Rusiya hüquq məktəblərində hüquqi yazı bacarıqlarının inkişafı və texnikası ilə bağlı xüsusi kurs mövcud deyil (hansı ki, bunu mütəxəssislər “tamamilə anormal” hesab edir. Баранов В. М. Эссе Главного редактора, Юридическая техника. 2007. № 1. С. 5). Bunun nəticəsidir ki, əksər müasir hüquq məzunlarının – yeni başlayan hüquqşünasların hüquqi yazı bacarıqları yoxdur.

Sovet dövründə hüquqşünasın yazı bacarıqlarına xüsusi diqqət verilməməsi heç də təəccüblü deyil. Bunun üçün heç tələbat da yox idi. Hüquqi dil ənənəvi olaraq qanunun dili, yaxud da normativ aktların dili kimi başa düşülürdü. Əgər hüquq tədrisi proqramı (adətən dövlət və hüquq nəzəriyyəsi kursu) hüquqi dilə diqqət ayırardısa da, bu yalnız qanunvericilik texnikası ilə bağlı idi. Hüquqi texnika, bir qayda olaraq, qanun yaradıcılığı ilə əlaqədar texnika və qaydalar toplusu kimi başa düşülürdü. Bu mövzu adətən iki səhifədən artıq olmamaqla qanun yaradıcılığı haqqında olan fəsilə daxil edilirdi.

Bundan əlavə, hüquqi dil barədə məsələlər, əsasən, cinayət hüququ prizmasından təhlil edilirdi. Bu yanaşma ilə hüquqi dil məsələsi barədə daha geniş perspektivdə danışmaq lazım olmurdu, xüsusən də, müasir hüquqşünasın əsas iş yükünü təşkil edən mülki və xüsusi hüququn, buna görə də, hüquqi qərarların, rəylərin, memorandum, müştəri üçün məktubların tərtib olunma xüsusiyyətlərinə diqqət verməyə ehtiyac qalmırdı. Əslində bu növ sənədlər heç SSRİ-də mövcud da deyildi. Xatırladım ki, xüsusi sahibkarlıq cəzalandırılırdı və ümumi/xüsusi hüquq ayrımı rəsmi olaraq tanınmırdı.

Sovet dövrü həm də məktəbdən aşılanmağa başlayan rəsmi üslubun çiçəklənmə dövrü idi. Bu dövrdə rəsmi üslub, xüsusən də, iş mühitində yazılı nitq normasına çevirmişdi. “Rəsmiliyin” yayılması və çiçəklənməsi fonunda elə hesab olunurdu ki, uzun, ağır, çətin anlaşılan birləşmələr mətnə elmi orijinallıq verir, bu xüsusiyyətlər mətni əhəmiyyətli göstərir və müəllifin mədəniyyətini nümayiş etidirir. Uzunçuluq və mətnin ağırlığının guya mətni əhəmiyyətli etməsi düşünülsə də, əslində bu mətnin mənasızlığını gizlətməkdən başqa heç nə etmirdi.

Bundan başqa, heç bir mənası olmadan uzun-uzadı yazmaq müəllifin ehtiyatlı davranmasından irəli gəlirdi:  ehtiyatsız deyilən söz müəllif üçün sözün əsl mənasında həyatı bahasına başa gələ bilərdi.

Əlbəttə ki, rəsmilik, istər elmi işlər olsun, istər prosessual sənədlər, istərsə də digər hüquqi sənədlər də daxil olmaqla hüquqdan da yan keçməmişdi.

Bəlkə də, kimsə etiraz edər ki, bizim hüquq təhsili ənəvi olaraq tətbiqi deyil, daha akademik olub və hüquqi yazı bacarıqları tətbiqi hüquqa daha yaxındır. Yaxud da (heç bir əsas olmadan) deyilə bilər ki, kontinental hüquq və ümumi hüquq ölkələrində hüquq təhsili fərqlidir və təhsildəki bu fərq hüquq sistemlərindəki, hüquq mədəniyyətlərindəki və müxtəlif hüquq ənənələri olan hüquqşünasların düşüncələrindəki fərqləri əks etdirir.

Həqiqətən də, bizə nəzəriyyələr və hüquqi problemə analitik yanaşma öyrədilib ki, bu da öz-özlüyündə dəyərlidir. Lakin, bir qayda olaraq, hüquqi problemin praktiki həlli baxımından təhlilini, hüquqi və ya fiziki şəxslərin mənafelərindən çıxış etməyi özündə ehtiva edən praqmatik hüquqi yanaşma diqqətdən kənarda qalmışdır. Buna görə də, çoxumuz hüquq təhsilimizdən sonra işləməyə başlayanda dərin nəzəri biliklərimizi xüsusi bir məsələyə necə tətbiq edəcəyimizi bilmirik.


Vaxt olanda kitabın digər maraqlı hissələrini də tərcümə etməyi düşünürəm. Hələlik isə bununla kifayətlənməli olacam 🙂


Copyright Disclaimer: This piece is not intended to infringe any copyright laws in any way. This is for the sole purpose of education and translation to Azerbaijani and no profit is gained from this. It is the copyrighted property of its respective owner.

Tərcümələr kateqoriyası üzrəTags: