Jessup Təəssüratları

Jessup Təəssüratları

2017-ci ildə 58-ci Jessup Məhkəmə Müsabiqəsi keçirilir və Bakı Dövlət Universitetini, bilavasitə Azərbaycanı bu ilki Müsabiqədə təmsil edəcək komandanın üzvü kimi Müsabiqədəki təcrübəm haqqında təəssüratlarımı bu seriya ilə vaxtaşırı paylaşmaq niyyətindəyəm.

Philip C. Jessup Məhkəmə Müsabiqəsi Beynəlxalq Hüquqa aid və Beynəlxalq Ədalət Məhkəməsində baxılan hipotetik iş üzərində aparılan ən böyük beynəlxalq məhkəmə müsabiqəsidir. Bir neçə aydır davam edən “Jessup səyahətindən” sonra deyə bilərəm ki, bir hüquq tələbəsinin tələbəlik dövründə edəcəyi ən yaxşı iki şey varsa, biri də məhkəmə müsabiqəsində iştirakdır[1]. Azərbaycanda hüquq tələbələrinə belə imkanı və şəraiti təkcə Topçubaşov Məhkəmə Müsabiqəsi yaradır.


Başlıqlar:

1. Memoriallarla iş
2. Şifahi raundlara hazırlıq
3. Beynəlxalq raundlar


Memoriallarla iş 

2017-ci ildə 58-ci Jessup Məhkəmə Müsabiqəsi keçirilir və Bakı Dövlət Universitetini, bilavasitə Azərbaycanı bu ilki Müsabiqədə təmsil edəcək komandanın üzvü kimi Müsabiqədəki təcrübəm haqqında təəssüratlarımı bu seriya ilə vaxtaşırı paylaşmaq niyyətindəyəm.

Philip C. Jessup Məhkəmə Müsabiqəsi Beynəlxalq Hüquqa aid və Beynəlxalq Ədalət Məhkəməsində baxılan hipotetik iş üzərində aparılan ən böyük beynəlxalq məhkəmə müsabiqəsidir. Bir neçə aydır davam edən “Jessup səyahətindən” sonra deyə bilərəm ki, bir hüquq tələbəsinin tələbəlik dövründə edəcəyi ən yaxşı iki şey varsa, biri də məhkəmə müsabiqəsində iştirakdır[1]. Azərbaycanda hüquq tələbələrinə belə imkanı və şəraiti təkcə Topçubaşov Məhkəmə Müsabiqəsi yaradır.

Müsabiqədə iştirak edən komandadan Müsabiqə işində – Compromis-də (kompromi kimi tələffüz edə bilərsiniz) göstərilən müvafiq tərəflərin (applicant və respondent) arqumentlərini əsaslandıran Memorial-lar (applicant memorial və respondent memorial) yazıb təqdim etmək və beynəlxalq raundlarda şifahi çəkişmələrə qatılmaq tələb olunur. Beynəlxalq raundlar bu ilin aprel ayında Vaşinqtonda keçiriləcək. Müsabiqənin şifahi çəkişmələri bir müddət sonra olacağından Memoriallarla bağlı təəssüratlarımı paylaşıram.

  1. Memorial sadəcə Beynəlxalq Hüquq qaydalarını təqdim etmək, məqalə formatında qaydaları təsvir etmək demək deyil. Memorial-da müdafiə etdiyiniz tərəfin arqumentlərini anlaşıqlı və strukturlu hüquqi təhlil aparmaqla əsaslandırmalı, yazınızı oxuyacaq hakimi mövqeyinizin hüquqa uyğun olduğuna inandırma-lısınız. Compromis Beynəlxalq Hüquqda konkret həlli olmayan məsələləri sual kimi qoyduğundan, burada konkret zəif və ya güclü tərəf yoxdur və hüququn məsələyə necə cavab verməsini siz müəyyən etməli və bunun doğru olmasına oxucunuzu – hakimi inandırmalısınız.
  2. Beynəlxalq Hüquq əsasən soft law olduğundan və bu hüquq sahəsinin əksərən möhkəm icra mexanizmləri olmadığından, işə başlayanda belə hüquq sahəsi ilə bağlı məsələlər üzərində araşdıma aparmaq və işləmək sizə mənasız və gərəksiz bir fəaliyyət kimi görünə bilər və bu sizi həvəsdən sala bilər. Lakin nəzərə almaq lazımdır ki, əsas olan Müsabiqədə iştirakın sizə daha yaxşı hüquqşünas olmaq üçün lazım olan hüquqi bacarıqlarınızı inkişaf etdirmək baxımından qazandıracağı təcrübədir. Digər tərəfdən, işlədikcə hüquq və arqumentasiya sizi məsələlərə daha çox cəlb edir.
  3. Qarşınızdakı suallara cavab verməyə başlayanda sizə tədris olunan Beynəlxalq Hüquqdan öyrəndiklərinizin sizə kömək edə bilmədiyini düşünə bilərsiniz. Həqiqətən də, elədir. Lakin nəzərə almaq lazımdır ki, çox geniş hüquq sahəsi olduğundan qısa müddət ərzində sizə hər şey öyrədilə bilmir. Digər tərəfdən Compromis ən müasir xüsusi hüquqi problemlərə həsr olunduğundan və tədris prosesində əsasən ümumi nəzəri məsələlər müzakirə olunduğundan, həmin problemlərə dərs boyu müraciət edilməsi də ağlabatan görünmür.
  4. Arqumentləri əsaslandırmağa başlamaq üçün hər arqumentə aid azı 10-20 və daha  çox əlaqəli məsələlərlə bağlı  məqalə və ya kitablara baxmaq, hər bir arqumentlə əlaqəsi olan hüququn tətbiq olunduğu məhkəmə qərarlarını oxumaq və əlaqəli sənədləri/aktları nəzərdən keçirmək lazımdır. Müsabiqənin təşkilatçısı International Law Students Association iştirakçı komandaları HeinOnlineOxford Public International LawLexisNexis məlumat bazalarına girişlə təmin edir ki, bununla siz müvafiq məsələlərlə bağlı ətraflı araşdırma aparasınız. Bütün oxuduqlarınızdan müvafiq hüquqi məsələni tənzimləyən hüququ formulə edir və yalnız bundan sonra aruqmentinizi hansı strukturda qurmaq barədə təsəvvür yaradırsınız.
  5. Qaydanı və ya qaydaları formulə etdikdən sonra hər arqumentinizi uyğun hesab etdiyiniz formada strukturlaşdırmağa başlayır və əsaslandırmalarınızı təqdim edirsiniz. Hər istinaddan, əsaslandırmadan və arqumentdən sonra sizi qane edəcək cavaba çatana qədər ardıcıl “niyə” sual(lar)ını verir, həmin suala cavab tapmağa çalışırsınız. Qarşı tərəfin hansı əks-arqumentləri gətirə biləcəyini təxmin edir, onlara əks-arqumentlər fikirləşirsiniz. Bu əsaslandırmaları və arqumentləri IRAC (Issue, Rule, Application, Conclusion) metodu ilə qurur və yazıya köçürürsünüz. Bu metodu bilirsinizsə, qayda(lar)ı formulə etdikdən sonra arqumentləri həmin metodla əsaslandırmaq sizə daha asan olur. IRAC metodunun Memorial-larda necə tətbiq olunmasını öyrənmək üçün əvvəlki illərin ən yaxşı Memoriallarını nəzərdən keçirə bilərsiniz.

Memorial yazmağın ən çox öyrədici və həyəcanlı hissəsi, mənə görə, 5-ci bənddəki  IRAC metodundan istifadədir. Çünki araşdırdığınız hansısa hüquq sahəsinin qaydaları unudula bilər, lakin həmin qaydaları təhlil edib arqument qurmaq bacarığı vərdiş olaraq sizdə qalacaq. IRAC metodu haqqında başqa yazımda məlumat vermişəm: IRAC Metodu ilə Hüquqi Əsaslandırma.

 

Şifahi raundlara hazırlıq

Applicant və Respondent memorialları təqdim etdikdən sonra vaxt itirmədən şifahi çəkişmələrə hazırlığa başlamaq lazımdır. Şifahi çəkişmələrə hazırlıqdakı əsas xüsusları aşağıdakı bəndlərdə qeyd edirəm.

I. Şifahi raundlar yazılı mərhələdəki arqumentasiyadan fərqlənir

Şifahi raundlara hazırlıqda Memoriallarda göstərdiyiniz arqumentləri şifahi olaraq necə təqdim edəcəyinizi müəyyən edirsiniz. Yazı dili ilə şifahi dil tam olaraq eyni deyil. Yazı yolu ilə asanlıqla ifadə oluna bilən fikir şifahi olaraq qaydada ifadə olunduqda eyni dərəcədə anlaşıqlı olmaya bilər. Ona görə də, gərək arqumentlər şifahi çıxış kimi yenidən strukturlaşdırılsın və şifahi çıxış üçün aydınlaşdırılsın.

II. Komanda işi önəmlidir 

Şifahi raundlara hazırlıqda komanda işi böyük əhəmiyyət daşıyır. Komanda işi deyərkən təkcə komanda üzvlərini deyil, həm də məşqçi ilə birgə aparılan işi nəzərdə tuturam. Hazırlıqlar boyu hər bir komanda üzvünün çıxışları dinlənilir, çıxışlarla bağlı tövsiyələr verilir, çıxışları necə inkişaf etdirmək barədə düşünülür. Fərd olaraq öz səhvlərimizi görməyimiz daha çətindir, nəinki digərlərinin. Bir komanda üzvünün “axsaqlığı”, zəifliyi, yersiz inadkarlığı, özünü komandadan, ümumi məqsəddən yuxarı görməsi bütün komanda işini və çəkilən əziyyəti yerlə bir edə bilir. Bütün komanda bir ən əsas olan bir məqsəd üçün çalışır: mümkün olan ən yaxşını etmək.

III. Yazı üçün aparılan araşdırma ilə kifayətlənmək olmaz

Moot elə bir növ müsabiqədir ki, oradakı məsələlər daima mübahisəli olaraq qalır və bir müddətlik araşdırma ilə cavabın tapıldığını düşünmək doğru deyil. Məsələ beynəxalq ümumi hüquqdursa, bu xüsusiyyət özünü daha çox göstərir. Şifahi raundlara çıxacağımız son saatlara qədər araşdırma ilə məşğul oldurduq və qarşımızdakı hüquqi suallara necə daha yaxşı cavab verəcəyimizi müəyyən etməyə çalışırdıq.

 IV. Mümkün olduğu qədər çox hazırlaşmaq lazımdır

Vaşinqtonda keçirilən beynəlxalq raundlara hazırlaşmaq üçün təxminən iki aylıq vaxtınız olur. Bu müddət ərzində komanda tez-tez görüşməli və çıxışların necə olması qərarlaşdırılmalıdır. Komandanın hər bir üzvünün əsas kökləndiyi nöqtə bu müsabiqə olmalı, başqa işlər ikinci plana atılmalıdır. Bir üzvün hazırlıqlarda olmamağı və ya bir üzvün ya da üzvlərin müzakirələrə və hazırlıqlara töhfə verməməyi komanda üçün böyük bir mənfidir.

 

Beynəlxalq raundlar

Beynəlxalq raundlarla bağlı əsas təəssüratlarımı aşağıda bəndlərdə qeyd edirəm.

I. Adaptasiya

Uzun bir yoldan sonra Amerika vaxtına və mühitinə uyğunlaşmaq lazım gəlir. Vaşinqton elə də hündür olmayan tikililəri ilə seçilir. Yemək üçün də çox gəzməyə ehtiyac yoxdur. Smartfonunuzda bir xəritə proqramı varsa şəhəri asanlıqla gəzə bilərsiniz. Amma gəzmək üçün elə də çox vaxtınız yoxdur, çünki beynəlxalq raundlar var!

II. Komandaların orientasiyası və qarşılaşmalar cədvəlinin təqdimatı

Tədbirin keçirildiyi yerdə sizə oxşayan onlarla tələbə və hamı maraqla bir-birinə baxır. Komandalar içərisində müxtəlif materiallar olan paketləri alır və gəldiklərini təsdiq etmək üçün qeydiyyatdan keçirlər. Ümumi bir yığıncaqda isə komandaların orientasiyası keçirilir, hər bir komanda burada ayrı-ayrı səhnəyə dəvət olunur. Bu hissə də ən maraqlı hissələrdən biri kimi yadımda qalıb (məsələn ingiltərəli komandanın Avropa bayrağı ilə səhnəyə çıxması). Bir müddət sonra isə hər bir komanda hansı komandalar ilə (dörd komanda) qarşılaşacığını bilir və qarşılaşdırları komandaların Memoriallarını əldə edir. 


III. İlk çəkişmə

Komandamızın ilk olaraq Applicant kimi çıxış etdiyinə görə və mən də Applicant olduğuma görə məni bir sual düşündürürdü: what the hell I’m going to do? :D. Çünki həmin vaxta qədər mooting barədə kifayət qədər nəzəri biliklərim olsa da, heç vaxt real moot-da çıxış etməmiş, iş (Compromis) barədə ətraflı məlumatlı olan hakimlər önündə çıxış etməmişdim. Lakin bilirdim ki, çox da narahat olmaqla nəyisə dəyişmək olmayacaq. Buna görə də, mümkün olan qədər rahat və özgüvənlə çəkişməyə (Jessup dilində pleading) çıxdım və məncə elə də pis olmadı.

IV. Çəkişmələr davam edir 

Yuxarıdakından başqa daha üç çəkişmədə komanda olaraq çıxış etdik. Hər birində ayrı həyəcan, hər birində ayrı təcrübə yaşayırdıq. Qarşı tərəfin memoriallarının analizindən tutmuş, çıxışın mətninin hazırlanması və çapı, hazırlıq çıxışları – hamısı bizi növbəti çəkişməyə bir az da yaxınlaşdırırdı. Hər çəkişmədə növbəti çəkişmə üçün dərslər çıxarır, nəyi səhv, nəyi düz etdiyimizi müəyyən etməyə çalışırdıq.



V. Digər komandalarla münasibət

Ümumiyyətlə, dünyanın müxtəlif nöqtələrindən insanlarla bir araya gəlmək, xüsusən hüquqşünaslarla görüşmək möhtəşəm bir hissdir. Çəkişmələr boyu dəhlizlərdə digər komandalarla görüşmək, hal-əhval soruşmaq, hamıda səndə olan həyəcanı hiss etmək, qarşılaşdığınız komandaları belə çəkişmələrdən az əvvəl və az sonra təbrik etmək, onlarda təbrik qəbul etmək, ümumiyyətlə, bütün Müsabiqə boyu qarşılaşdığınız komandalarla üzləşmək, üzləşərkən ən yaxın dostlarınızı görürmüş kimi sevinmək və ifadə edə bilmədiyim digər hadisələr əvəzsiz duyğulardır.

VI. Sonluq

Yazdıqlarım Jessup barədə xatirələrimin kiçik bir hissəsidir. Bütün hüquq tələbələrinə məhkəmə müsabiqəsində iştirakı tövsiyə edərdim. Belə bir müsabiqə təkcə hüquq biliklərinizi inkişaf etdirmir, həm də sizə gözəl bir həyat təcrübəsi yaşadır. Bunu Amerikaya getmədən də Azərbaycanda Topçubaşov Məhkəmə Müsabiqəsi vasitəsilə də etmək olar. Başqa sözlə desək, təkcə universitetdə keçilən dərslər hüquqşünas olmaq üçün kifayət etmir və yalnız prakitiki bacarıqlarınızı inkişaf etdirməklə hüquqşünaslıq peşəsinə yiyələnirsiniz.

 


1. Hüquq tələbəsinin tələbəlik dövründə edəcəyi iki ən yaxşı şeydən digəri, məncə, geniş bir hüquqi araşdırma aparmaqla yaxşı bir hüquq məqaləsi yazıb nəşr etməkdir.

 

Jessup kateqoriyası üzrə