Smart müqavilələr (ing. smart contracts) son zamanlar xeyli məşhurlaşan Bitcoin-in işləmə mexanizminin mühüm komponentidir. Bitcoin Blockchain texnologiyası üzərində çalışır və Blockchaində şəxslər arasında formalaşan əqdlər smart müqavilələr adlanır. Smart müqavilə və onun hazırki hüquqi institutları ilə əlaqəsi barədə məlumat verməzdən əvvəlcə Blockchain barədə məlumat verək.
Blockchain adından da göründüyü kimi, hərfi və texniki olaraq bloklar zənciri deməkdir. Bitcoinin yaradıcı(lar)ı bu virtual valyutanın fəaliyyətini təmin etmək üçün bu sistemi yaratmışlar. Sistemə bağlı olan hər bir blokda hər hansısa məlumat saxlanılır. Məsələn, “A64kR4TidfR7 15.11.2017-ci il tarixində Y76rpVb43cG8-yə 5 Bitcoin ödəyib” bir blokdakı məlumatdır və bütün şəbəkə bu məlumatı görə bilər. Müxtəlif əqdlər barədə məlumatı ehtiva edən müxtəlif bloklar da Blockchaini formalaşdırır. Sistemdəki bloklar hamı üçün görünsə də, həmin bloklarda dəyişikliklik bütün istifadəçilərin razılığı olmadan mümkün deyil.
Smart müqavilə isə icrası avtomatik həyata keçən razılaşmadır. Başqa sözlə desək, tərəflərin iradəsi proqram təminatı vasitəsilə icra olunur. Smart müqavilənin aktuallaşma səbəbi onun vasitəçilərdən istifadə etməməklə müqavilə tərəflərinin yalnız öz aralarında əqdi reallaşdırmasına imkan yaratmasıdır.
Smart müqavilə kodlardan ibarətdir. Kodların məzmunu adətən bu tərkibdə olur: “Əgər … …, onda … …”. Məsələn, “əgər Maykl 12 Bitcoini Corca ödəsə, onda iki dilim pizza Mayklın olacaq”. Təbii ki, müqavilənin kodlarla tam forması belə qısa olmur.
Aşağıdakı qrafiklərlə bir smart müqavilənin işləməsini nəzərdən keçirək. | |
1-ci mərhələ.
Sərnişin uçuş sığortası almaq üçün blockchaində mövcud olan proqram təminatına – smart müqaviləyə hansısa virtual valyutada müəyyən bir məbləğ göndərir. |
|
2-ci mərhələ.
Smart müqavilə təklifi verən şəxsin təqdim etdiyi məlumatları təsdiqləmək üçün həmin təklifi blockchaindən xaricdəki sistemə göndərir. |
|
3-cü mərhələ.
Smart müqavilə məlumatları göndərən şəxsin təklifindəki məbləği yoxlayır və əgər məbləğ kifayət qədər olarsa, blockchain xaricindəki həmin sistemdən müvafiq uçuşun statusu barədə məlumat istəyir.
|
|
4-cü mərhələ.
Müvafiq sistem uçuşların məlumat bazasındakı məlumatlardan istifadə etməklə müvafiq uçuşun statusu barədə məlumatı smart müqaviləyə göndərir. |
|
5-ci mərhələ.
Uçuş təxirə salınmışdırsa, müqavilə qəbul etdiyi pulu sərnişinə qaytarır, yox əgər uçuş vaxtında olacaqsa, müqavilə həmin pulu sığortaçıya ödəyir. |
|
Bildiriş: Cədvəldəki məlumatlar (qrafiklər də daxil olmaqla) həmin məlumatların müvafiq mülkiyyətçisinə məxsusdur, həmin mülkiyyətçinin heç bir hüququnu pozmaq məqsədi daşımır və sadəcə Azərbaycan dilinə tərcümə etmək və prosesi təsvir etmək məqsədi ilə paylaşılır. Mənbə. |
Sual yarana bilər ki, Smart müqavilə həqiqətən də müqavilədirmi? Demək olar ki, bütün dünyada smart müqavilələr hələ ki hüquqi aktlarda tanınmasa da[1], buna zərurətin yaranması qaçılmazdır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (“Mülki Məcəllə”) görə, “[m]ülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır”.[2] Smart müqavilənin daxilində də, adətən, tərəflərin öhdəlikləri[2.1] və həmin öhdəliklərin icrası mexanizmi öz əksini tapır. Lakin “[ə]qdlərin elektron formada bağlanması ilə bağlı məsələlər elektron ticarət haqqında və elektron sənəd dövriyyəsinə dair Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir”.[2.2]
“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa görə, “[e]lektron formada və ya sertifikatsız olduğuna, sertifikatlaşdırılmamış imza vasitələri ilə yaradıldığına görə elektron imza etibarsız sayıla bilmə”sə də,[2.3] yalnız “sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza” yazılı imzaya bərabər tutulur.[2.4] Bu o deməkdir ki, smart müqavilənin hüquqi qüvvəsi Azərbaycan hüququna görə tanınsa da, yazılı müqavilə hesab edilə bilməz. Buna görə də, qanunvericilikdə yazılı formada bağlanması tələb olunan müqavilə smart müqavilə kimi bağlansa, həmin müqavilə etibarsız sayılacaq (“təkmil sertifikatlı gücləndirilmiş imza” ilə imzalanma istisna olmaqla). Bundan əlavə, ölkə hüququnda hələ də digər virtual (internetdə bağlanan) əqdlərin tam olaraq oturuşmadığını nəzərə alsaq, məhkəmələrin və digər dövlət orqanlarının smart müqavilələrə necə yanaşacağı qeyri-müəyyən olaraq qalır.
Mülki Məcəllənin digər bir müddəasına görə, “[m]üqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır”.[3] Blockchaindəki əqdlər də, oferta və aksept mövcud olandan sonra icraya yönəlir. Buna görə də, smart müqavilənin icrası artıq bağlanmış müqavilənin icrası kimi başa düşülə bilər.
Hələ ki, asan icra oluna bilən smart müqavilələrdən istifadə olunur. Lakin bu müqavilələrin tətbiqinin hüquq üçün mürəkkəb suallar qoyacağı labüddür. Məsələn:
- Müqavilə tərəflərin anonimliyi. Blockhaində əqdlər hamı üçün görünən olsa da, əqdlərin tərəflərinin kimlər olması adətən bilinmir. Məsələn, icranın nəticəsini mübahisələndirmək niyyəti olan şəxsin qarşı tərəfi məhkəməyə necə cəlb edə biləcəyi sual doğurur.
- Qanuna zidd əqdlərin bağlanması. Real mühitdə hüquqi aktların tələblərini reallaşdırmaq mümkün ola bilsə də, smart müqavilələr virtual mühitdə bağlandığından həmin müqavilələrə nəzarət də çətinləşir.
Ümumiyyətlə, dövlətlərin bu müqavilələri necə tənzimləyəcəyi maraqlıdır. Həmin müqavilələrin hüquqi baxımdan düzgün yazılması işini isə yəqin ki hamı bacarmayacaq. Buna görə də, hüquqşünasların proqramlaşdırma öyrənib bu işi görməyi lazım olacaq. Görək bizi daha nələr gözləyir.
İstinadlar:
[1] Belarus Prezidentinin 21 dekabr 2017-ci il tarixli “Rəqəmsal iqtisadiyyatın inkişafı” haqqında fərmanı ilə dünyada ilk dəfə smart müqavilələrin tətbiqi qanuniləşdirildi.
[2] Mülki Məcəllə, maddə 389.1.
[2.1] Əslində smart müqavilə tərəf üzərinə məsuliyyət qoymur, sadəcə hansısa şərt mövcud olarsa, başqa bir şərtin yerinə yetiriləcəyini özündə ehtiva edir.
[2.2] Mülki Məcəllə, maddə 331.5.
[2.3] “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 3.1.
[2.4] Yenə orada, maddə 3.4.
[3] Mülki Məcəllə, maddə 405.2.