2-ci Qarabağ Müharibəsindən Azərbaycanın hüquqi qazancları

2-ci Qarabağ Müharibəsindən Azərbaycanın hüquqi qazancları

Azərbaycan ərazisi kimi tanınmasına baxmayaraq, xoşa gəlsə də, gəlməsə də, Dağlıq Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən erməni əsilli əhalinin dominantlıq etdiyi ayrıca bir vahid kimi, hətta bəzən işğal olunmamış kimi görülür. Və imkan varkən bütün Dağlıq Qarabağın birbaşa nəzarətə götürülməsi Azərbaycanı etnik təmizləmə iddiaları ilə qarşı-qarşıya qoya bilərdi. Buna görə əslində Azərbaycanın yaratdığı hazırkı vəziyyət hüquqən daha qazanclıdır. Münaqişə haqqında bu vaxta kimi ortaya çıxmış üç sənəd və ya alət – Bişkek Protokolu, Madrid Prinsipləri 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat üzərindən Azərbaycanın qazanclarını təhlil edək.

Hər şeydən əvvəl qeyd edim ki, bunların hər üçü daha çox siyasi sənəddir, müvafiq olaraq ratifikasiya edilmiş beynəlxalq müqavilə deyil. Bu, hər tərəfə manevr imkanları versə də, siyasi müstəvidə qəbul edildiyindən adətən əməl olunur və münasibətlərin hüquqi çərçivəsini müəyyən edir.

  1. Münaqişənin tərəfləri

1994-cü il Bişkek protokolunda tərəf kimi Ermənistandan əlavə həm də Dağlıq Qarabağın erməni rəhbərliyi də çıxış edirdi. Halbuki orijinal sənəddə heç Dağlıq Qarabağın azərbaycanlı icmasının imzası düşünülməmişdi. Sonradan Azərbaycan həm də bu şərtlə protokolu imzalamışdı, lakin heç vaxt bu baş tutmamışdı. Buna baxmayaraq, bir neçə il sonra Azərbaycan Dağlıq Qarabağın erməni icmasını danışıqlar prosesindən çıxarmağa nail olmuşdu. Son bəyanatda isə atəşkəs sənədi kimi Bişkek Protokolundan fərqli olaraq yalnız Azərbaycan və Ermənistanın adı çəkilir. Ermənistan bununla işğala birbaşa məsul olduğunu və münaqişənin cavabdeh tərəfi olduğunu qəbul etmiş olur.

  1. Ərazilərin qaytarılması

Bəyanata qədər müzakirələrin əsası hesab edilən Madrid Prinsipləri münaqişənin sülh yolu ilə həlli üçün irəli sürülmüşdü. Bu prinsiplər yalnız Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun birbaşa Azərbaycanın nəzarətinə verilməsini nəzərdə tuturdu. Son bəyanatdan sonra isə ətraf yeddi rayonun hər biri qaytarılıb, əlavə olaraq Şuşa və Hadrut da daxil Dağlıq Qarabağın təxminən 25%-i də Azərbaycanın birbaşa nəzarətinə keçib. Dağlıq Qarabağ ayrıca inzibati ərazi kimi de yure 1991-ci ildə ləğv olunsa da, onun əvvəlki hüdudlarına de fakto hüdudlar kimi diqqət yetirilirdi. İndi isə Dağlıq Qarabağın əvvəlki – ermənilərin nəzarət etməli olduğu irəli sürülən de fakto bütünlüyü artıq mövcud deyil. Bu isə Azərbaycana qalan 75% üçün birbaşa nəzarətə keçid üçün imkan yaradır.

  1. Dağlıq Qarabağın statusu

Madrid Prinsipləri ilə Dağlıq Qarabağa özünüidarəetməni də ehtiva edən aralıq status verilməsi, Ermənistanla Dağlıq Qarabağ arasında koridorun təmin olunması, gələcəkdə “hüquqən məcburi iradə ifadəsi” ilə statusun müəyyən edilməsi (yəni referendum) nəzərdə tutulurdu. Lakin Azərbaycan müharibə yoluna müraciət etməyə məcbur olduğuna görə münaqişənin sülh yolu ilə həlli prinsiplərinin böyük ölçüdə qüvvədən düşdüyünü deyə bilərik. Baxmayaraq ki, baş verənlərdən indi Dağlıq Qarabağdakı ermənilərin aralıq və ya keçid vəziyyətdə yaşamasını demək olar, bəyanatla Azərbaycan üzərinə statusun müəyyənləşdirilməsi ilə bağlı öhdəlik götürmür. Artıq Dağlıq Qarabağın 25%-i də birbaşa Azərbaycanın nəzarətində olduğuna görə, Dağlıq Qarabağ kvazi yurisdiksiyasının statusundan yox, sadəcə ərazidəki ermənilərin statusundan söhbət gedə bilər. Bu da qarşı tərəfin yeni ərazi ifadəsi ilə çıxış etməli olması deməkdir, çünki Dağlıq Qarabağ ərazi bölgüsü de fakto da tam olaraq yoxdur. Bu, məncə, artıq daha çox Azərbaycandan asılı məsələdir. Azərbaycan isə status məsələsinin bağlandığını və müzakirə olunmayacağını bildirib. Həm də başqa bir tərəfdən Dağlıq Qarabağın azərbaycanlı əhalisi erməni əhalidən sayca çox ola bilər. Hələ 2009-cu ildə Dağlıq Qarabağın azərbaycanlı icması 65.000 nəfərdən çox idi. İndi azərbaycanlı əhali faktiki erməni əhalini sayca üstələyə də bilər. Bu isə məsələyə yeni baxış tələb edəcəkdir (müzakirə olunarsa).

  1. Naxçıvana koridor

Madrid Prinsiplərində həm də Ermənistanla Dağlıq Qarabağ arasında koridorun təmin olunması qeyd edilirdi. 2000-ci illərdə bu koridorun 30 km enində olması təklif edilirdi. Bəyanatla bu, 5 km-ə endirilməklə öz yerində qalır, amma əlavə olaraq Azərbaycan da Naxçıvana koridor əldə edir.

  1. Sülhməramlılar

Sülhməramlıların bölgəyə yerləşdirilməsi məsələsi hələ 90-cı illərdən var və Bişkek Protokolunda gələcək üçün belə bir plandan danışılırdı. Madrid Prinsipləri ilə isə beynəlxalq mandatlı sülhməramlıların yerləşdirilməsi nəzərdə tutulurdu. Beynəlxalq sülhməramlıların yerləşdirilməsi adətən beynəlxalq birlik tərəfindən daha legitim qəbul olunur və status-kvonun demək olar ki, əbədi olacağı anlamına gəlir. Məsələn, Kosovonun müstəqil dövlət kimi tanınması BMT mandatlı sülhməramlılar yerləşdirildikdən sonra güclənmişdi və Kosovo bir dövlət kimi indi artıq 98 BMT üzvü tərəfindən tanınır. Təktərkibli sülhməramlı kontingent (xüsusən Rusiya sülhməramlıları) beynəlxalq ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Buna görə də təxmin etmək olar ki, Rusiya sülhməramlıların yerləşdirilməsi yeni status-kvonun beynəlxalq ictimaiyyət tərəfindən legitim daimi vəziyyət kimi tanınmasının qarşısını alacaq. Oxşar hal kimi Moldovanın Dnestryanı ərazisindəki sülhməramlılara münasibəti göstərmək olar. Digər tərəfdən sülhməramlıların yerləşdirilməsi potensial etnik təmizləmə iddialarının qarşısına səd çəkir. 

Təbii ki, xeyli cavabsız suallar qalmaqdadır və Azərbaycan ilə Ermənistan arasında ratifikasiya olunacaq yekun sülh müqaviləsinin bağlanıb-bağlanmayacağı hələ ki məlum deyil. Amma Azərbaycanın 27 sentyabr 2020-ci ilə qədərki status-kvodan həm strateji, həm də hüquqi baxımdan daha yaxşı mövqedə olduğunu demək olar.

 

Hüquqi Təhlil kateqoriyası üzrə